Torpaq uğrunda rəqabət: Ada dövlətləri iqlim dəyişikliyinə necə uyğunlaşır?
“Şəhərlər həm risk, həm də innovasiya və dayanıqlılıq məkanıdır”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə Regional Direktoru Kazuko İşigaki deyib.
O bildirib ki, bir çox ada ölkələrində sürətli urbanizasiya mənzil, əsas xidmətlər və dayanıqlı infrastruktur ehtiyacını daha da artırır.
Kazuko İşigaki qeyd edib ki, torpaq uğrunda rəqabətin güclənməsi və dövlət resurslarının tez-tez fəlakətlərin bərpasına yönəldilməsi uzunmüddətli və iqlimə uyğun həlləri daha da vacib edir.
“İnteqrasiya olunmuş, uzunmüddətli və iqlimə uyğun dayanıqlı həllərə ehtiyac getdikcə artır. Şəhərlər yalnız risk və zəiflik məkanı deyil, eyni zamanda innovasiya, güclü mədəni kimlik və icma liderliyinin formalaşdığı yerlərdir. Okeanlarla əhatə olunan bu regionlar zəngin təbiəti sayəsində ekoturizmi və “mavi iqtisadiyyat”ı dəstəkləyir”.
Kazuko İşigaki əlavə edib ki, müxtəlif regionlarda yerli icmaların rəhbərlik etdiyi təşəbbüslər, ənənəvi idarəetmə sistemləri və təbiət əsaslı yanaşmalar dayanıqlılığın gücləndirilməsinə və davamlı inkişafın dəstəklənməsinə kömək edir.
O vurğulayıb ki, iqlimə uyğunlaşma, mənzil siyasəti, torpaq idarəçiliyi, mavi iqtisadiyyat imkanları və dayanıqlı turizmin inklüziv şəhərsalma strategiyaları vasitəsilə daha sıx əlaqələndirilməsi vacibdir.
Kazuko İşigaki qeyd edib ki, dayanıqlılıq tədbirləri yerli reallıqlara, mədəni yanaşmalara və icmalar, yerli hökumətlər, regional təşkilatlar, inkişaf bankları, akademik qurumlar və özəl sektor arasında əməkdaşlığa əsaslanmalıdır.
Qiymət Mahir