Moskva israr edir, Kiyev rədd edir: Donbasın taleyi necə olacaq?

Moskva israr edir, Kiyev rədd edir: Donbasın taleyi necə olacaq?
18.02.2026 17:59 Təhlil

Fevralın 17-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında siyasi qrupun görüşündə danışıqlar dalana dirənib.


"Axios"un jurnalisti Barak Ravid irəliləyişin olmamasını Moskva nümayəndəsinin mövqeyi ilə əlaqələndirib.

Məlumata görə, ABŞ və Ukrayna tərəfi atəşkəsin əldə olunmasında israrlı mövqe nümayiş etdirsə də, Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski danışıqlarda Ukraynanın Donbası tərk etməsinin istənilən atəşkəs üçün ilkin və dəyişməz şərt olduğunu bildirib. 

Onun bu mövqeyi Əbu-Dabidə formalaşmış nisbi müsbət abu-havaya ciddi şəkildə mənfi və dağıdıcı təsir göstərib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məsələdə geri addım atmayacağını açıq bəyan edib:

“Əgər mən prezident kimi Donbası ruslara versəm, bu, siyasi karyeramın sonu olacaq və Ukrayna xalqı məni bağışlamayacaq”.

Belə bir şəraitdə əsas sual açıq qalır: Donbasın taleyi necə olacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, hazırda Ukrayna–Rusiya danışıqları Rusiyanın maraqları kontekstində inkişaf etmir və Moskvanın cəbhədə əldə edə bilmədiyi nəticələri masa arxasında təmin etmək planı iflasa uğrayıb:


“Rusiya cəbhədə hərbi mövqelərini gücləndirərək bir çox əraziləri, o cümlədən Donbasın işğalda olmayan hissələrini, Zaporojye və Dnepr istiqamətindəki bəzi əraziləri ələ keçirməklə masadakı mövqelərini möhkəmləndirmək istəyirdi. Lakin bu baş tutmadı. Üstəlik, “Starlink” internet şəbəkəsinin Rusiya üçün bloklanması son günlərdə çox sürətli əks-hücumlara səbəb oldu və nəticə etibarilə Ukrayna ordusunun 201 kvadrat kilometr ərazini azad etdiyi bildirilir. Belə bir vəziyyətdə Ukraynanın hərbi yolla azad edə bilməyən Rusiyaya Donbası güzəştə getməsi və ordusunu geri çəkməsi mümkünsüz görünür”.  

Onun sözlərinə görə, Moskva ABŞ Prezidenti Donald Trampla mümkün iqtisadi sövdələşmələr üzərindən Ukraynaya təzyiq mexanizmi qurmağa çalışsa da, bu plan da nəticə verməyib:  

“Rusiya düşünürdü ki, müəyyən iqtisadi sövdələşmələrlə ABŞ Prezidenti Donald Trampı prosesə cəlb edə biləcək, öz maraqlarını təmin edəcək və bununla da Ukraynaya təzyiqlər formalaşdıracaq. Məqsəd o idi ki, hərbi yolla ala bilmədiyi torpaqları bir güllə atmadan, məhz ABŞ Prezidentinin vasitəçiliyi ilə təzyiq yolu ilə əldə etsin. Lakin bu fikir də fiaskoya uğradı, çünki cəbhədə vəziyyət Rusiyanın xeyrinə inkişaf etmir”.

Politoloq vurğulayıb ki, işğal olunmamış ərazilərin təhvil verilməsi Ukrayna Prezidenti üçün nə hüquqi, nə də siyasi baxımdan mümkün variantdır:

“İşğal olunmamış ərazilərin Ukrayna Prezidenti tərəfindən təhvil verilməsinə razılıq verilməsi dövlət başçısına bağışlanacaq məsələ deyil. Bu, həm Konstitusiyaya ziddir, həm də xalqı, ordu rəhbərliyini, zabit və əsgərləri razı sala bilməz. Artıq dörd ildir ki, müharibə davam edir və yüz minlərlə ölən və yaralanan var. Bu insanların hesabını Ukrayna xalqına nəinki Zelenski, ümumiyyətlə heç kim verə bilməz”.

Natiq Miri qeyd edib ki, prezident seçkiləri məsələsi də Moskvanın hesabladığı kimi inkişaf etmədi:


“Rusiya gözləyirdi ki, müharibə şəraitini əsas gətirərək Zelenski seçkilərdən imtina etsin. Lakin gözlənilənlərin əksinə olaraq Zelenski həm ərazi məsələsini, həm də prezident seçkilərini qəbul edə biləcəyini bəyan etdi və bunun üçün ən azı 60 günlük atəşkəsə ehtiyac olduğunu bildirdi. Rusiya isə bu atəşkəsə razı deyil və yalnız seçki günü atəşkəsin təmin olunacağına zəmanət verir.

Bu isə mümkün deyil, çünki seçki prosesi yalnız səsvermə günündən ibarət deyil. Prezident seçkilərində alternativ namizədlər olacaq və onların cəbhə xəttindən tutmuş bütün Ukrayna ərazilərində seçicilərlə görüşlər keçirmələri, təbliğat aparmaları lazımdır. İntensiv Rusiya bombardmanı şəraitində bu necə həyata keçirilə bilər?”

Ekspert əlavə edib ki, Donbasın işğal olunmamış 9 min kvadrat kilometr ərazisinin verilməsi məsələsi referenduma çıxarılsa, nəticə Ukraynanın xeyrinə olacaq:

“Rusiya əmin oldu ki, ərazi məsələsinin – yəni Donbasın 9 min kvadrat kilometr işğal olunmamış hissəsinin Rusiyaya verilməsi referenduma çıxarılması halında Ukrayna xalqı birmənalı şəkildə “yox” deyəcək. Bu isə prosesin Ukrayna dövləti və Prezidentinin lehinə yekunlaşmasına səbəb olacaq. Eyni zamanda prezident seçkilərində bu gün Zelenskiyə real alternativlərin olmaması Rusiya rəhbərliyində qorxu yaradıb. Çünki Zelenski qalib gələrsə, bu, uzun müddət üçün onun legitimliyini möhkəmləndirəcək və Rusiyanın bütün bəhanələrini əlindən alacaq. Bu da Ukrayna dövləti və Prezidentinin mövqelərini daha da gücləndirəcək”.

Politoloq hesab edir ki, Cenevrə görüşlərində prinsipial məsələlər üzrə real irəliləyiş yoxdur:

“Cenevrədə baş tutan görüşlərdə, baxmayaraq ki, ABŞ-nin vasitəçiləri zaman-zaman irəliləyişlərdən danışırlar, prinsipial və həlledici məsələlərdə heç bir real irəliləyiş yoxdur. Mövqelər tamamilə ziddir. Ukrayna Prezidenti ərazi məsələsində güzəştə getməyə hazır deyil. Rusiya isə ABŞ-nin azad iqtisadi zona təklifi kontekstində Ukraynanın qəbul etdiyi şərtlərlə razılaşmır. Bu baxımdan danışıqlarda hansısa ciddi yaxınlaşmadan danışmaq düzgün deyil”.

Analitikin fikrincə, Rusiya nümayəndə heyətində edilən dəyişikliklər də prosesə münasibəti aydın şəkildə göstərir:

“Cenevrədəki nümayəndə heyətində edilən dəyişikliklər – Putinin köməkçisi Medinski və xarici işlər nazirinin müavini Mixail Qaluzinin heyətə daxil edilməsi göstərir ki, Rusiyanın prosesi pozmaq niyyəti var. Çünki danışıqları pozmaq və təxribat yaratmaq istədikləri zaman Medinskini heyətə qoşurlar. O, yüksək tonlu çıxışları və maksimalist iddiaları ilə siyasi nəticələri aradan qaldırır, anlaşma imkanlarını tükəndirir. Onun missiyası məhz bundan ibarətdir. Medinski humanitar məsələlər üzrə köməkçidir. O nə zamandan təhlükəsizlik zəmanətləri və ərazi məsələlərinin müzakirəsində qərar verən tərəfə çevrilib? Bu, absurddur”.

Siyasətçi sonda qeyd edib ki, Moskvanın niyyəti müharibəni dayandırmaq deyil. Əksinə, İtaliyada keçiriləcək Olimpiadadan sonra Avropanın bir sıra mərkəzi ölkələrində, o cümlədən Baltikyanı dövlətlərdə ciddi təxribatların hazırlanması ehtimalı var. Bununla NATO-nun nə qədər hazır və çevik olduğu, mexanizmlərinin nə dərəcədə işlək olduğu yoxlanılır. Putinin bu istiqamətdə müəyyən qərarlar verdiyi də hiss olunur. Bu baxımdan Cenevrədəki danışıqlardan ciddi siyasi nəticələr gözləmək özünü aldatmaqdan başqa bir şey deyil.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Все новости