Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə?
Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonunda dini mərkəzlərdə müşahidə olunan bəzi hallar bölgədəki ictimai-siyasi vəziyyətlə bağlı ciddi suallar doğurub.
Yerli mənbələrdən və sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, rayondakı məscidlərin birində dini ayinlər icra olunarkən İranın ali dini lideri Ayətullah Xameneinin portretlərindən istifadə edilir və ibadətgah daxilində İran İslam Respublikasının dövlət bayrağı yerləşdirilir.
Bu mənzərə bölgədəki ideoloji təsirin miqyası və bunun yaratdığı təhlükəsizlik riskləri ilə bağlı ciddi müzakirələrə səbəb olub. Ekspertlər və yerli müşahidəçilər hesab edirlər ki, bu, sadəcə dini bir mərasim deyil, həm də İranın xüsusi xidmət orqanlarının Cənubi Qafqazda, xüsusən də Gürcüstandakı azərbaycanlı icması arasında öz nüfuz dairəsini genişləndirmək strategiyasının bir hissəsidir.
Məsələnin ən çox narahatlıq doğuran tərəfi isə İranın hərbi və kəşfiyyat fəaliyyətlərinin regional təhlükəsizlik arxitekturasına birbaşa təsiridir. Son günlərdə Ermənistanın hərbi keçidlərində nümayiş etdirilən İran istehsalı olan silahlar və hərbi texnika, Tehranın regional maraqlarının hansı istiqamətdə formalaşdığını aydın şəkildə göstərir.
Təhlilçilər xəbərdarlıq edir ki, İran kəşfiyyatı öz ideoloji alətləri vasitəsilə Gürcüstanın azərbaycanlı icmasının müəyyən hissəsini nəzarətə götürmək və onları öz strateji maraqları üçün istiqamətləndirmək niyyətindədir. Bu prosesin nəzarətsiz qalması gələcəkdə regionda sabitliyə qarşı ciddi təhdidlər formalaşdıra bilər.
Ekspertlər qeyd edirlər ki, rəsmi Bakı və Ankara üçün bu vəziyyət artıq "diqqət tələb edən" məsələlər sırasına keçməlidir. Bölgədəki sosial bazanın yad ideologiyalar tərəfindən zəbt olunması, regionun strateji təhlükəsizlik maraqlarına ziddir.
Bu məsələnin ciddiyyəti tam şəkildə dərk edilməli və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində, lakin regionun təhlükəsizliyi naminə aidiyyəti qurumlar tərəfindən lazımi addımlar atılmalıdır. Marneulidəki bu hadisələr, İranın yumşaq güc və kəşfiyyat şəbəkələri vasitəsilə Cənubi Qafqazdakı demoqrafik və siyasi mühiti manipulyasiya etmək cəhdlərinin növbəti göstəricisi kimi qiymətləndirilə bilər.
Jalə Rövşən