Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır
Son günlər həm Türkiyədə, həm də Ermənistanda ictimaiyyətin və sosial media istifadəçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri “Noldu, Paşinyan?” ifadəsidir. Bu ifadənin yenidən gündəmə gəlməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı ardıcıl açıqlamaları və son dövrlərdə tutduğu siyasi xəttlə əlaqələndirilir.
Türkiyə mediasında və sosial şəbəkələrdə “Noldu Paşinyan?” ifadəsi Paşinyanın illər əvvəlki sərt bəyanatları ilə bugünkü mövqeyi arasındakı fərqi göstərmək üçün istifadə olunur. Xüsusilə Qarabağla bağlı son açıqlamaları geniş rezonans doğurub.
Paşinyanın çıxışlarından birində Qarabağ hərəkatını Ermənistan üçün “ölümcül səhv” adlandırması diqqət çəkib. O bildirib ki, bölgədə ermənilərin yaşaması həmin ərazilərin Ermənistana məxsus olması anlamına gəlmirdi. Bu fikirlər Türkiyə və Azərbaycanda geniş müzakirələrə səbəb olub. Bir çox sosial media istifadəçisi bunu illərlə davam edən işğal siyasətinin iflasının etirafı kimi qiymətləndirib. Məhz bundan sonra “Noldu, Paşinyan?” ifadəsi yenidən trendə çevrilib.
Müzakirələrə səbəb olan digər məqamlardan biri də Paşinyanın Türkiyə ilə münasibətlərlə bağlı səsləndirdiyi fikirlərdir. Ermənistan lideri Türkiyə ilə əlaqələrin normallaşdırılmasının ölkəsi üçün yeni imkanlar yarada biləcəyini bildirib. Onun sözlərinə görə, Ankara ilə münasibətlərin olmaması Ermənistanın xarici siyasətində balansın pozulmasına gətirib çıxarır. Türkiyə ictimaiyyətində bu açıqlamalar Paşinyanın əvvəlki mövqelərindən geri çəkilməsi kimi dəyərləndirilir.
İqtisadi məsələlər də diqqət mərkəzindədir. Paşinyan hökuməti yaxın illərdə Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasını, xüsusilə də dəmir yolu xətlərinin yenidən fəaliyyətə başlamasını əsas prioritetlərdən biri kimi təqdim edir. Ermənistan rəhbərliyi hesab edir ki, sərhədlərin açılması ölkəyə yeni investisiyalar, ticarət imkanları və əlavə iş yerləri gətirə bilər. Bu yanaşma Türkiyə sosial mediasında ironik reaksiyalarla qarşılanıb və “Noldu, Paşinyan?” mövzulu paylaşımların sayını daha da artırıb.
Bundan başqa, Paşinyanın xarici səfərləri zamanı da ona qarşı keçirilən etiraz aksiyalarında bu ifadənin səsləndirildiyi bildirilir. Xüsusilə xaricdə yaşayan erməni müxaliflərinin təşkil etdiyi aksiyalarda “Noldu, Paşinyan?” şüarı diqqət çəkib. Həmin görüntülərin sosial şəbəkələrdə geniş yayılması mövzunun yenidən gündəmə gəlməsinə və daha böyük auditoriyaya çatmasına səbəb olub.
Jalə Rövşən