VR qanadları beynin bədən qavrayışını dəyişdi - TƏDQİQAT
Pekin Normal Universiteti və Pekin Universiteti alimlərinin apardığı yeni araşdırma göstərib ki, virtual reallıqda istifadə olunan süni qanadlar beynin fəaliyyətinə təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat "Cell Reports" jurnalında dərc olunub.
Tədqiqatda 25 könüllü iştirak edib. Onlar bir həftə ərzində dörd VR sessiyasında iştirak edərək virtual lələkli qanadlarla uçmağı öyrəniblər.
Təcrübə zamanı iştirakçılar öz qollarını görməyib, onların yerinə yalnız qanadlar əks olunub. Qanadların hərəkəti real aerodinamika prinsiplərinə uyğun qurulub və könüllülər havada halqaların arasından uçmaq kimi tapşırıqları yerinə yetiriblər.
Alimlər təcrübədən əvvəl və sonra iştirakçıların beynini funksional MRT ilə yoxlayıblar. Nəticələr göstərib ki, beynin bədən hissələrinin vizual qavrayışına cavabdeh olan oksipitotemporal korteks bölgəsində dəyişiklik yaranıb.
Araşdırmaya görə, təlimdən sonra beyin virtual qanadların görüntüsünə daha güclü reaksiya verməyə başlayıb və yaranan sinir fəaliyyəti insan əllərinin qavranılması zamanı müşahidə olunan fəaliyyətə bənzəyib.
Tədqiqatçılar bildiriblər ki, beyin qanadları tam şəkildə real bədən hissəsi kimi qəbul etməsə də, onları həqiqi əzalara daha yaxın formada qavramağa başlayıb.
Alimlərin fikrincə, nəticələr beynin yüksək uyğunlaşma qabiliyyətini göstərir və gələcəkdə protezlərin idarə olunması, reabilitasiya və virtual reallığın insan beyninə təsirinin öyrənilməsində faydalı ola bilər.
Türkan İsgəndərli