“Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır?
Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə “yaxşı polis – pis polis” taktikasından istifadə edirlər.
TodayPress TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloqun sözlərinə görə, Putinin “İrəvan seçim etməlidir” xəbərdarlığından sonra Paşinyana zəng edərək onu ad günü münasibətilə təbrik etməsi, Medvedevin isə eyni gündə Ermənistan baş naziri haqqında sərt və təhqiramiz paylaşım etməsi təsadüfi deyil.
Elxan Şahinoğlu hesab edir ki, Putin istəsəydi, Medvedevin və Kremlə yaxın media nümayəndələrinin Paşinyana qarşı sərt ritorikasının qarşısını ala bilərdi. Onun fikrincə, Rusiya liderinin Paşinyanı təbrik etməsi Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərində baş nazirin qələbə qazanacağı ehtimalı ilə bağlıdır.
Politoloq bildirib ki, Kremlin müxtəlif dairələrindən Paşinyana qarşı tənqidlər davam etsə də, Moskva növbəti illərdə də onunla işləməyə məcbur qalacaq.