Azərbaycanda iqlimlə bağlı yeni işçi qrupu yaradılacaq - TƏSDİQLƏNDİ

Azərbaycanda iqlimlə bağlı yeni işçi qrupu yaradılacaq - TƏSDİQLƏNDİ
30.04.2026 16:13 Cəmiyyət

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov Komissiyanın iclasını açaraq bildirdi ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlayıb.

Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyən etmiş və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.

Qeyd edilib ki, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalmışdır. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı dünya ölkələrinin böyük əksəriyyətinin nümayiş etdirdiyi birgə səylərə Azərbaycan öz töhfəsini vermişdir. Məhz Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi – "Yeni Kollektiv Kəmiyyət Hədəfi" üzrə konsensusun əldə olunmasına nail olunmuşdur. Bakıda qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi, habelə "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası"nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilmiş və həmin təqdimatların ətrafında müzakirələr aparılmışdır.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələlələri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir.

O öz çıxışında vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi tərəfindən Komissiya üzvləri 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) nəticələri və Azərbaycan tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Eyni zamanda, 2026-cı il 9–20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 sessiyasına hazırlıq işlərinin aidiyyəti qurumlar tərəfindən vaxtında başlanmasının zəruriliyi vurğulanıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 Bütün Xəbərlər