Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq...

Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq...
05.06.2026 16:40 Təhlil

Rusiya yenidən Bakı və İrəvana sülh müqaviləsini Moskvada imzalamağı təklif edib.

Bəs məsələnin məhz indiki dövrdə yenidən gündəmə gətirilməsində məqsəd nədir?

Sözügedən mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.


O bildirib ki, Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin Moskvada imzalanması məsələsini həmişə gündəmdə saxlamağa çalışır və bunun çox önəmli məsələ olduğunu qəbul edir:

"Çünki bu, həm hüquqi məsələdir, həm də beynəlxalq məkan üçün böyük əhəmiyyət daşıyır. Ona görə də Kreml hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin Rusiyada imzalanması Rusiyaya Cənubi Qafqazda əlavə təsir mexanizmləri qazandıra bilər. Çünki həmin saziş imzalanarkən Rusiya da özünü vasitəçi tərəf kimi həmin hüquqi sənədə daxil etməyə çalışacaq. Bununla da Cənubi Qafqazdakı geosiyasi proseslərdə əlavə manevr imkanları əldə etmiş olacaq". 

Analitik qeyd edib ki, Kreml  indiki mərhələdə bu məsələnin yenidən gündəmə gətirilməsini və Rusiyanın vasitəçilik missiyasının ön plana çıxarılmasını Cənubi Qafqazdakı geosiyasi proseslərin inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət daşıdığını düşünür:

"Kreml Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin Amerika Birləşmiş Ştatlarında və ya Avropanın hər hansı bir ölkəsində imzalanmasını qətiyyən istəmir. Çünki bu halda həm Amerika Birləşmiş Ştatları, həm də sazişin imzalanacağı Avropa ölkəsi Cənubi Qafqazda müəyyən təsir mexanizmləri əldə etmiş olacaq. Kreml isə Cənubi Qafqazda hər hansı kənar ölkənin, yəni Amerika Birləşmiş Ştatlarının və ya Avropa ölkələrinin hüquqi təsir mexanizmləri əldə etməsini istəmir. Bunu Rusiyanın geosiyasi maraqları üçün ciddi problem hesab edir".

Elçin Xalidbəyli əlavə edib ki, xüsusilə "TRIPP" layihəsinin Amerika Birləşmiş Ştatlarının iştirakı ilə reallaşdırılması barədə sənədin imzalanmasından sonra Rusiya tərəfi olduqca narahatdır: 

"Məhz bu məsələni ön plana çəkməklə və buna nail olmaqla TRİP layihəsi ilə bağlı itirilmiş mövqelərin müəyyən qədər balanslaşdırılması istiqamətində cəhdlər göstərilir. Ancaq bu məsələnin Rusiyanın istədiyi kimi həll olunacağı ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Çünki Ermənistanda seçkilər keçirilməlidir və seçkilərdən sonra, əgər Paşinyan hakimiyyəti qalib gələrsə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum keçirilməlidir. Yalnız bundan sonra sülh sazişi imzalana bilər. Ona görə də bu məsələnin hansı istiqamətdə həll ediləcəyi hələlik məlum deyil. Böyük ehtimalla, bu məsələyə yaxın gələcəkdə və ya ilin sonuna doğru daha çox aydınlıq gələcək".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər