İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU
CNN anonim mənbələrə istinadən İsrailin İranla qarşıdurma zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə iddiaların yer aldığı material dərc edib.
Bəs bu uydurma məlumatların yayılmasında məqsəd nədir?

Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Todeypress TV-yə açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında münasibətlərin son dövrlərdə normallaşması və mövcud problemlərin həlli istiqamətində irəliləyiş əldə olunması bir sıra dairələri narahat edir:
"Məlumdur ki, uzun illər ərzində müxtəlif istiqamətlərdən Azərbaycana qarşı təhdidlər formalaşdırılıb və müəyyən məqamlarda İrandakı bəzi dairələr də bu prosesdə maraqlı olublar. Xüsusilə, SEPAH daxilindəki müəyyən mühafizəkar qruplar Azərbaycanla gərginliyin davam etməsini istəyirdilər. Zaman-zaman SEPAH-ın özü də münasibətlərdə gərginliyin yaranmasında maraqlı mövqe nümayiş etdirirdi. Halbuki bunun üçün real və əsaslı səbəblər mövcud deyildi".
Analitik qeyd edib ki, son İran–ABŞ münaqişəsi də göstərdi ki, Azərbaycan heç bir halda öz ərazisindən üçüncü qüvvələrin İrana qarşı istifadə etməsinə icazə verməyəcək. Azərbaycanın bu məsələ ilə bağlı rəsmi bəyanatları praktikada da öz təsdiqini tapdı.
Ekspert əlavə edib ki, Azərbaycanın İrana münasibətdə atdığı addımlar da diqqət çəkir: "İranın müraciəti əsasında iranlı diplomatların öz ölkələrinə qayıtması üçün yaradılan şərait, Azərbaycanın göstərdiyi dəstək, eləcə də təqdim etdiyi humanitar yardımlar və digər istiqamətlərdə həyata keçirilən təşəbbüslər iki ölkə arasında münasibətlərin inkişafına əlavə təkan verdi".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil.
CNN-in yaydığı məlumatlar isə heç bir ciddi fakta əsaslanmır və reallığı əks etdirmir.
Jalə Rövşən