Səfir və ukraynalı deputatlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində oldular
Xarici siyasət
29.08.2025 21:00
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev və ölkədə səfərdə olan ukraynalı deputatlar Yuri Kisiel və İqor Nexulevski Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, onlar Mərkəzdə reabilitasiya kursu keçən 30 ukraynalı uşaqla görüşüb, onların reabilitasiya prosesi ilə yaxından tanış olublar.
Y.Qusev burada Ukraynadan olan uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, onların reabilitasiyası üçün aparılan işlərdən məmnunluğunu ifadə edib.
Ukraynalı uşaqlara Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların tarixi və görməli yerlərə ekskursiyaları da təşkil olunur.
Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilib.
tag: Ukrayna,Yuri Qusev,Qəbələ Uşaq Reabilitasiya Mərkəzi,Deputat,Todaypress.tv,