Səfir: "İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır"

Xarici siyasət

18.06.2025 11:04

“Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var”.

TodayPress TV xəbər verir ki, Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bunu "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər. 

“Ölkələrimizin böyük potensialını nəzərə alaraq, kiçik və orta biznes sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq, qarşılıqlı investisiya layihələrini qiymətləndirmək, bir-birimiz üçün biznes forumlar və beynəlxalq sərgilər təşkil etmək lazımdır. Əminəm ki, bu, ticarət-iqtisadi əməkdaşlığın intensivləşməsinə, biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə töhfə verəcəkdir”.

O diqqətə çatdırıb ki, Türkmənistan və Azərbaycan arasında əcdadlarımızdan miras qalmış möhkəm dostluq və qardaşlıq əlaqələri mövcuddur: 

"Bu sahədə ənənəvi humanitar dialoqun daha da gücləndirilməsinin, təhsil, elm və mədəniyyət, o cümlədən səhiyyə, idman və turizm sahələrində səmərəli əlaqələrin stimullaşdırılmasının, Türkmənistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə töhfə verən birgə tədbirlərin keçirilməsi təcrübəsinin davam etdirilməsinin vacibliyini bilirik.

Bu kontekstdə mədəniyyət günlərinin, müxtəlif sərgilərin keçirilməsi vacibdir", - deyə o fikrini yekunlaşdırıb. 

Töhfə Səməd

tag: Türkmənistan,Səfir,Tədbir,Çıxış,Todaypress.tv,