Özbəkistan: “Azərbaycanla əməkdaşlıq bütöv Avrasiya üçün böyük əhəmiyyət kəsb edir”

Xarici siyasət

02.07.2025 13:11

Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və əlverişli geostrateji mövqeyə malikdir. Avtomobil və dəmir yollarının yenidən qurulması, Bakı və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, eləcə də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı nəinki Azərbaycanın, bütövlükdə regionun nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayır.

Bu barədə TodayPress TV-yə Özbəkistan Səfirliyindən məlumat verilib.

Öz növbəsində, Özbəkistan və Azərbaycan arasında münasibətlər siyasətdən iqtisadiyyata qədər bütün sahələrdə sürətlə inkişaf edir. İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütöv Avrasiya üçün böyük əhəmiyyət kəsb edir və Şərq ilə Qərb arasında yeni tranzit dəhlizlərinin açılmasına xidmət edir.

Dənizə çıxışı olmayan Özbəkistan üçün beynəlxalq nəqliyyat yollarına çıxış həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Cənubi Qafqaza və oradan Avropaya çıxışı təmin edən açar tərəfdaşa çevrilir. 1996-cı ildən bu yana ölkələr arasında qüvvədə olan azad ticarət rejimi isə özbək məhsullarının tərəfdaş ölkələrin bazarına maneəsiz daxil olmasına imkan verir.

Belə ki, 2024-cü ilin yekunlarına əsasən, Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi 100 min ton səviyyəsini keçərək əvvəlki illə müqayisədə 5% artım göstərib.

Aviadaşımalar sahəsində də ölkələrimiz arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq 27.05.1996-cı il tarixli hava nəqliyyatı üzrə razılaşma və müxtəlif memorandumlar əsasında tənzimlənir. Qeyd etmək lazımdır ki, bu dövr ərzində Özbəkistanın aeronaviqasiya xidmətləri təminatçısı Avropa və Asiya üzrə Təhlükəsizlik Koordinasiya Platformasına qoşulmuş, 21 dekabr 2023-cü ildən etibarən isə Türkiyə və Azərbaycanın provayderləri tərəfindən yaradılmış birlikdə rəsmi üzv olub.

Son 2 il ərzində Özbəkistan və Azərbaycan arasında aviareyslərin sayı 2 dəfəyə qədər artmışdır. Hazırda Daşkənd–Bakı marşrutu üzrə həftədə 8 reys müntəzəm olaraq həyata keçirilir.

Tərəflər həmçinin birgə logistik infrastrukturun inkişafına da böyük əhəmiyyət verirlər. Bu kontekstdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanı və orada yerləşən azad iqtisadi zona özbək şirkətləri üçün yeni imkanlar yaradır.

Bu istiqamətdə yükdaşımaların əhəmiyyətli şəkildə artırılması üçün Özbəkistanın maraqları naminə Xəzər dənizində istifadə üçün iki gəminin alınması məsələsi müzakirə olunur və Azərbaycan tərəfi ilə əməkdaşlıq aparılır.

“Özbəkistan Dəmir Yolları” və “Azərbaycan Dəmir Yolları” konteyner daşımaları, keçid qabiliyyətinin artırılması və logistika sahəsində rəqəmsal həllərin tətbiqi üzrə əməkdaşlığı genişləndirirlər. Bu münasibətlər 27.05.1996-cı il tarixli beynəlxalq dəmir yolu daşımaları və 11.09.2008-ci il tarixli birgə daşımaların inkişafı haqqında razılaşmalarla tənzimlənir.

Bu əməkdaşlıq çərçivəsində qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolu rəhbərlərinin CASCA+ beynəlxalq multimodal marşrutunun formalaşdırılması üzrə imzaladığı Protokol xüsusi önəm daşıyır. 17 dekabr 2021-ci ildə bu Protokola Türkiyə də qoşulmuş və altıtərəfli Protokol imzalanıb.

Sənədə əsasən, Çin–Avropa istiqamətində Transxəzər marşrutu üzrə konteyner blok qatarı ilə multimodal daşımalar təşkil ediləcək və dəmir yolu tariflərinə 70%-dək endirim tətbiq olunacaq.

2024-cü ildə Bakı limanı (Orta dəhliz) vasitəsilə Özbəkistandan keçən yüklərin ümumi həcmi 1 milyon tondan artıq olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 26% artım deməkdir.

Yuxarıda qeyd olunan layihələrin həyata keçirilməsi zamanı beynəlxalq yükdaşımalar prosesində rəqəmsal texnologiyaların tətbiqinin gücləndirilməsi zamanın tələbidir.

2022-ci ilin dekabrında Özbəkistan və Azərbaycan arasında TIR Konvensiyasının 11-ci əlavəsinə tam uyğun olaraq ilk E-TIR sistemi ilə daşımalar həyata keçirilib.

2025-ci ilin martından etibarən isə E-PERMIT elektron icazə blanklarının mübadiləsinə tam keçid baş tutub.

Özbəkistanla Azərbaycan arasında mümkün yeni əməkdaşlıq istiqamətləri

1. Cari geosiyasi vəziyyət fonunda ənənəvi nəqliyyat marşrutlarından daha etibarlı alternativlərə keçid tendensiyası müşahidə olunur. Bu isə multimodal daşımaların cəlbediciliyini artırır.

Dünyanın əsas limanlarına birbaşa çıxışı olmayan Özbəkistan qitədaxili quru nəqliyyat dəhlizlərinin inkişafı ilə logistika sektorunu tam şəkildə inkişaf etdirə bilər. Mərkəzi Asiya, Qafqaz, Avropa və Asiya ölkələrinin nəqliyyat sistemlərini inteqrasiya edə biləcək perspektivli layihələr mövcuddur. Bunlara Çin–Qırğızıstan–Özbəkistan və Özbəkistan–Əfqanıstan–Pakistan dəmir yolu layihələri daxildir.

Bu layihələrin həyata keçirilməsi Mərkəzi Asiya və Qafqaz ölkələrinin tranzit potensialını artıracaq və yeni rəqəmsal multimodal nəqliyyat-tranzit dəhlizlərinin formalaşmasına səbəb olacaq:

AYT ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Aİ;

- Cənub-Şərqi Asiya ölkələri – Pakistan – Əfqanıstan – Özbəkistan – Qazaxıstan – Azərbaycan – Gürcüstan (Qara dəniz limanları) – Aİ.

2. Özbəkistanla Azərbaycan arasındakı əməkdaşlıq MDB, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, TRACECA və digər beynəlxalq platformalar çərçivəsində daha da güclənir.

Beləliklə, Özbəkistanla Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq Avrasiya nəqliyyat xəritəsinin formalaşmasında mühüm bir halqaya çevrilir. Hər iki ölkənin coğrafi mövqeyini nəzərə alaraq, bu əməkdaşlıq Şərqlə Qərb arasında dayanıqlı və diversifikasiya olunmuş marşrutların təmin edilməsində əsas rol oynayır.

tag: Özbəkistan,Azərbaycan,Səfirlik,Əməkdaşlıq,Todaypress.tv,