Bahar Muradova AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşdü
Xarici siyasət
11.09.2025 16:40
11 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
TodayPress TV xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək, vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-in Beyin Mərkəzləri Forumununilk dəfə olaraq Çindən kənardaməhz Azərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb.
O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyi siyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə, Çin və Avropanı birləşdirən dəhlizlərin qovşağında yerləşən ölkəmizin ölkələr və xalqlar arasında sülh, təhlükəsizlik və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Dialoq üçün platforma olan AQEM-in artıq beynəlxalq təşkilata çevrilməkdə olduğunu, yenidən təsisatlanma və inkişaf dövrünü yaşadığını bildirib. Təşkilatın gələcək fəaliyyətində ailə institutunun əhəmiyyətinin və qadınların gücləndirilməsi məsələlərinin əsas xətt olacağını bidirən sədr, bu yanaşmanın təşkilata üzv ölkələr arasında həmrəyliyə və cəmiyyətlərin inkişafına mühüm töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.
Kayrat Sarıbay AQEM-in mövcudluğu dövründə həyata keçirdiyi fəaliyyətlərə toxunaraq qeyd edib ki, təşkilat ötən müddət ərzində üzv dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması, təsisatlanma prosesinin gücləndirilməsi, eləcə də dialoqun təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.
Baş katib Azərbaycanın AQEM-dəki fəal rolunu və sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək, təşkilatın inkişafı və beynəlxalq səviyyədə daha səmərəli fəaliyyət göstərməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib. Tərəflər yaxın gələcəkdə AQEM çərçivəsində birgə tədbirlərin təşkili və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.
tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Kayrat Sarıbay,Todaypress.tv,


