Azərbaycan və Monteneqro XİN-ləri konsulluq məsləhətləşmələri apardı
Xarici siyasət
04.06.2025 16:47
Bakıda Azərbaycan və Monteneqronun Xarici İşlər Nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Monteneqro nümayəndə heyətinə isə Monteneqro Xarici İşlər Nazirliyinin Konsulluq əlaqələri və diasporla əməkdaşlıq üzrə baş direktoru İvana Djukanoviç rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, Azərbaycan və Monteneqro vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübənin bölüşülməsi, o cümlədən hər iki ölkənin viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.
Azərbaycanla Monteneqro arasında hüquqi yardım, əmək, sosial müdafiə, turizm və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.
tag: Azərbaycan,Monteneqro,XİN,MÜzakirə,Todaypress.tv,