Abbas Abbasov: “Müstəmləkəçilik beynəlxalq hüquqa ziddir”

Xarici siyasət

03.06.2025 11:03

“Müstəmləkəçilik problemini elmi müstəvidə müzakirə etmək və onun beynəlxalq təşkilatların prizmasından dəyərləndirilməsini təmin etmək üçün biz burdayıq”.

TodayPress TV xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov qurumun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransda deyib.

A. Abbasov bu tədbirin dekolonizasiya prosesinə dəstək verən qlobal platforma olduğunu və müstəmləkəçilikdən əziyyət çəkən xalqlar üçün ümid rolunu oynadığını bildirib:

“BTQ-nin yaratdığı platformadan siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri öz haqlı səslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün istifadə edirlər. İndi növbə elmi dairələrin təmsilçilərinə çatıb. Bu gün burada BMT institutlarında təmsil olunan və BMT qurumları ilə işləyən ekspertlər də bizimlədir”.

O, müstəmləkəçiliyin müasir formalarının müxtəlif vasitələrlə hələ də davam etdiyini bildirib:

“Dünyanın bəzi bölgələrində müstəmləkəçiliyin müxtəlif təzahürləri gizli şəkildə – siyasi, iqtisadi, maliyyə, mədəni və hüquqi vasitələrlə davam etdirilir. Son 2 ildə Qvadelup, Mayot, Kanaki, Fransız Qvianası, Reyunyon, Korsika, Martinik, Mao Hi Nui və digər ərazilərə həsr olunmuş konfranslar təşkil etmişik”.

Abbas Abbasov kolonializmin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb:

“Kolonializmin bütün müasir formaları beynəlxalq hüquqi mexanizmlərlə, ictimaiyyətin məlumatlandırılması və çoxtərəfli əməkdaşlıqla aradan qaldırılmalıdır. Çünki kolonializmin davam etməsi BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir”.

BTQ rəsmisi bildirib ki, tədbirin əsas məqsədi öz müqəddəratını təyin etmək hüququna hörmət edən dünya naminə intellektual bazanı dəstəkləməkdir. 

Qiymət Mahir

tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,