Sülhdən inkişafa: Vaşinqton razılaşması turizmə yeni nəfəs verəcək - EKSPERT
Turizm
11.08.2025 18:50
"Avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan sülh müqaviləsi region üçün tarixi əhəmiyyət kəsb edir. Bu razılaşma yalnız iki ölkə arasında 30 ildən artıq davam edən münaqişəyə son qoymaqla kifayətlənmir, həm də Cənubi Qafqazda dayanıqlı sülh və iqtisadi inkişaf üçün geniş imkanlar yaradır".
Turizm eksperti Ceyhun Aşurov bu fikirləri TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması daha çox turistin cəlb olunmasına səbəb olacaq ki, bu da Azərbaycana müsbət töhfə verə bilər.
Ekspert əlavə edib ki, 907-ci düzəlişin ləğvi də prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Bu o deməkdir ki, gələcəkdə iki ölkə və bütövlükdə region normal münasibətlər quracaq, inkişaf yolunda irəliləyəcək və hətta iri layihələrdə birgə iştirak edəcək. Müharibə heç vaxt fayda gətirmir. Ona görə də diqqəti iqtisadi gücün artırılmasına yönəltməyin zamanıdır”.
O bildirib ki, sülh müqaviləsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin qurulmasına şərait yaradacaq. Bu isə logistika, ticarət və turizm sahəsində ciddi canlanma ilə nəticələnəcək:
“Naxçıvana birbaşa yolun açılması ticarət əlaqələrinin, yükdaşımaların və logistikanın güclənməsinə səbəb olacaq. Turizm sektoru da bundan əhəmiyyətli dərəcədə fayda görəcək. Sərhədlərin açılması, regionda etimad mühitinin formalaşması və liberallaşma daha çox turistin gəlməsini stimullaşdıracaq”.
Ekspertin qənaətincə, bu proses Ermənistan üçün də iqtisadi canlanma və biznes əlaqələrinin genişlənməsi baxımından önəmlidir. Həmçinin Şərqlə Qərb arasında logistik daşımaların artması, ticarət əlaqələrinin genişlənməsi həm Azərbaycanın, həm də regionun iqtisadiyyatına töhfə verəcək.
“Bu qərarın icrası müəyyən zaman tələb etsə də, Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edəcək”, - deyə o fikrini tamamlayıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüş nəticəsində sülhə dair Birgə Bəyannamə imzalanıb. Eyni zamanda, ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş rəsmi şəkildə ləğv olunub.
Türkan İsgəndərli
tag: Ceyhun Aşurov,Ekspert,Razılaşma,Turizm,Todaypress.tv,
