Sənədsiz evlərə çıxarışların verilməsində yenilik - AÇIQLANDI
Sosial
23.07.2025 10:20
Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiqləyib. Qanuna edilən dəyişiklik daşınmaz əmlakın qeydiyyatı zamanı sənədlərdəki məlumatlarla dövlət torpaq kadastrındakı məlumatlar arasında uyğunsuzluq olduqda prosesin daha şəffaf və çevik aparılmasını nəzərdə tutur.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, əgər təqdim edilən sənədlərdə torpağın təyinatı dövlət bazasındakı məlumatla üst-üstə düşmürsə, bu zaman Əmlak Məsələləri üzrə qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədləri əsasında araşdırma aparacaqlar. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edilərsə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.
“Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edərkən qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılacaq. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikinti üçün icazə verirsə, amma dövlət qurumunun məlumat bazasında həmin ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görünürsə, bu zaman məlumatın dəqiqləşdirilməsi üçün digər profil qurumlara sorğu göndəriləcək”.
Deputat bildirib ki, sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiqlənərsə, həmin daşınmaz əmlak qeydiyyata alınacaq.
Vüqar Bayramov qeyd edib ki, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu, həmçinin mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da vacibdir.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Torpaq,Sənəd,Todaypress.tv,