İşə qəbulda ÇƏTİN SEÇİM: Diplom, yoxsa sertifikat?
Sosial
24.10.2025 17:28
Son illər bəzi gənclər universitet təhsilindən imtina edərək qısa müddətli ixtisaslaşmış kurslara üstünlük verirlər. Onlar bir neçə aylıq təlimlərdə iştirak edib sertifikat aldıqdan sonra iş həyatına atılır, bəzən isə oxuduqları ixtisas üzrə işləməmək üçün bu kurslara üz tuturlar.
Bəs işə qəbul zamanı diploma, yoxsa sertifikata üstünlük verilməlidir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, kurslar kommersiya əsaslı tədris müəssisələridir və onların verdiyi sənəd dövlət tərəfindən tanınmır.
“Azərbaycan Respublikasında qanunvericiliyə görə təhsil müəssisəsi fəaliyyətinə lisenziya verilmiş və hər beş ildən bir akreditasiyadan keçən qurumlardır ki, onlar təhsilin sonunda dövlət nümunəli sənəd təqdim edirlər. Kurslar isə qeyri-formal təhsil sahəsinə aiddir və verdikləri sertifikat işə qəbul üçün əsas sənəd sayılmır”.
Onun sözlərinə görə, işə qəbul zamanı əsas meyar peşə, orta ixtisas və ya ali təhsil haqqında diplomdur. Kurs sertifikatları yalnız əlavə bilik və bacarıqları təsdiqləyən sənəd kimi qiymətləndirilə bilər.
“Kursu bitirən şəxslər yalnız o halda işə qəbul edilə bilər ki, həmin vəzifə konkret praktiki bacarıqlar tələb etsin və bu bacarıqlar kurs zamanı əldə edilmiş olsun”, – deyə Elşən Qafarov qeyd edib.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Diplom,Sertifikat,Todaypress.tv,
