Gələn ildən sosial yardım nə qədər artacaq?
Sosial
23.10.2025 11:46
2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
"Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Həmçinin ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Məsələn, ailənin 5 üzvü və ümumi aylıq gəliri 900 manatdırsa, bu il həmin ailə üçün ehtiyac meyarı 1425 manat (5 nəfər × 285 manat) hesablanır. Beləliklə, ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat təşkil edir və ailə bu məbləğdə sosial yardım ala bilir".
Millət vəkili əlavə edib ki, gələn ildən isə ehtiyac meyarı 1500 manat (5 nəfər × 300 manat) olacaq. Ailənin gəliri dəyişmədiyi halda, aldığı sosial yardımın məbləği 600 manata (1500 manat - 900 manat) yüksələcək.
Vüqar Bayramov qeyd edib ki, hazırda ölkədə 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Yeni dəyişikliklər nəticəsində bu ailələrin əksəriyyəti artımlardan faydalanacaq.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Sosial yardım,Artım,T:odaypress.tv,
