Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”-da təmin edildi
Sosial
14.07.2025 13:22
Dövlət Miqrasiya Xidməti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə fəaliyyəti nəticəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması xidmətindən “mygov” rəqəmsal hökumət platforması vasitəsilə istifadə imkanı təmin edilib.
Bu barədə TodayPress TV-yə Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.
Bildirilib ki, əcnəbini qəbul edən şəxs my.gov.az saytına daxil olaraq “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” xidmətinə keçid edir. Orada özü və əcnəbi haqqında tələb olunan məlumatları daxil etməklə əcnəbini olduğu yer üzrə qeydiyyata alır. Bununla yanaşı, portal vasitəsilə qeydiyyat məlumatlarının yenilənməsi və müraciətin redaktə edilərək yenidən göndərilməsi mümkündür.
Xidmətin göstərilməsinə görə dövlət rüsumu tələb olunmur.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda 15 gündən artıq qalan hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olduqdan sonra 15 gün ərzində (Qazaxıstan vətəndaşları 30 gün ərzində) olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əks halda həmin şəxslər və onları qəbul edən şəxslər inzibati məsuliyyətə cəlb olunur. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni ünvan üzrə qeydiyyata alınmalıdır. Şəxs qeydiyyata alındığı mənzilin sahibinə məxsus başqa bir mənzildə müvəqqəti olarsa, yenidən qeydiyyata alınması tələb olunmur.
tag: Əcnəbi,Qeydiyyat,Mygov,Xidmət,Todaypress.tv,