“Gil” yemək təhlükəli trendə çevrilib - Ekspert xəbərdarlıq edir

Cəmiyyət

03.10.2025 17:00

Son vaxtlar sosial şəbəkələrdə gil yemək trend halını alıb. Bəziləri onu tam udmağı, bəziləri isə yalnız çeynəməyi məsləhət görürlər. 

Belə ki, gil satışı ilə məşğul olanlar onun dəmir və "D vitamini" çatışmazlığına faydalı olduğunu iddia edirlər. 

Lakin qida eksperti Fərid Səfərov TodayPress TV-yə açıqlamasında bunun ciddi sağlamlıq riskləri yaratdığını bildirib.

Onun sözlərinə görə, gil yeməyin faydadan çox zərəri var və tibbi araşdırmalar da bunu sübut edir: 

"Gil torpaqdan çıxdığı üçün tərkibində qurğuşun, arsen, civə və kadmium kimi zərərli maddələr ola bilər. Bu, beyin, qaraciyər və böyrəklərə ziyan vurur, uşaqlarda isə zəka geriliyinə, o cümlədən inkişaf ləngiməsinə səbəb ola bilər. Bu maddə dəmir mənbəyi kimi qəbul edilsə də, əslində, bədəndəki dəmiri bağlayaraq sorulmasına mane olur. Uzun müddət qəbul edildikdə isə mədə-bağırsaq divarına zərər verir. Gil steril deyil, bakteriya və parazit yumurtaları daşıya bilər. Nəticədə isə bağırsaq infeksiyası və qurd xəstəliklərinə yol aça bilər. Hamilə qadınlarda gil yemək körpəyə gedən dəmiri azaldır, bu isə erkən doğum, aşağı çəki və qanazlığı riski yaradır. Gil çeynəmək diş minasını zədələyir, dişlərin kövrəkləşməsinə və saralmasına səbəb olur".

Ekspert bildirib ki, kimdəsə belə bir istək yaranırsa, bu çox vaxt dəmir çatışmazlığının və ya başqa mineral əskikliyinin əlaməti ola bilər:

"Əgər məqsəd mədə turşusunu azaltmaqdırsa, həkimin təyin etdiyi dərmanlardan və ya təbii üsullardan istifadə etmək daha təhlükəsizdir. Minerallara ehtiyac olduqda isə balanslı qida rasionu və vitamin-mineral əlavələri gilin yerini asanlıqla əvəz edə bilər", - deyə Fərid Səfərov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Səfərov,Qida eksperti,Gil yemək,Təhlükə,Todaypress.tv,

photo