"Caspian Energy Holding" beynəlxalq medialarda pay sahibi olacaq

Sosial

27.08.2025 14:16

Son dövrlərdə müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə “Caspian Energy Holding”in struktur transformasiyası və qeyri-profil aktivlərdən imtina siyasəti çərçivəsində “Caspian Energy” jurnalının və eyni adlı brend altında fəaliyyət göstərən digər media resurslarının 100%-lik payının satışa çıxarılması ilə bağlı məlumatlar geniş şəkildə yayılmaqdadır. Bu məlumatlar həqiqəti əks etdirmir.

TodayPress TV xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Rəsmi olaraq bildiririk ki, hazırda biz media resurslar portfelini genişləndirmək və gücləndirmək məqsədilə Azərbaycanın hüdudlarından kənarda kütləvi informasiya vasitələrinin alınması ilə bağlı danışıqlar aparırıq. Hazırda biz qonşu ölkələrdə nəşr olunan “Forbes” redaksiyaları ilə səhmdar iştirakın əldə edilməsi ilə bağlı müzakirələrə başlamışıq.

Həmçinin, “Forbes Azerbaijan” layihəsinin fəaliyyətə başlaması ilə bağlı müəllif hüquqlarının sahibi ilə danışıqları bərpa etməyi planlaşdırırıq”, - Telman Əliyev bildirib.

“Caspian Energy” jurnalı və “Caspian Energy” brendi altında fəaliyyət göstərən media layihələrinə gəldikdə isə, hazırda “Caspian Energy International Media Group” adlı yeni strukturun formalaşdırılması prosesi başlanmışdır və bu qurumda “Caspian Energy Holding” 51% payını saxlamağa planlaşdırır. Qalan 49% isə struktur və rəqəmsal transformasiyanı davam etdirmək məqsədilə satışa çıxarılıb.

Bu təşəbbüslərin əsas məqsədi beynəlxalq bazarlarda fəal şəkildə mövqelərini genişləndirən Azərbaycan şirkətlərinin fəaliyyətini hərtərəfli işıqlandırmaq, eyni zamanda holdinqin media aktivlərinin optimallaşdırılması və inkişafını təmin etməkdir.

Müzakirələrin gedişatı və əldə olunan nəticələrlə bağlı əlavə məlumat ictimaiyyətə mərhələli şəkildə təqdim ediləcəkdir.

Telman Əliyev qeyd edib ki, “Caspian Energy Holding”in fəaliyyəti ilə bağlı bütün suallar rəhbərliyə yönləndirilə bilər. Biz sosial şəbəkələrdə və digər rəsmi kanallar vasitəsilə daim açığıq və ictimaiyyətin müraciətlərinə operativ cavab verməyə hazırıq.

tag: Caspian Energy Holding,Media,Pay,Sahibi,Todaypress.tv,