Bu şəxslərə erkən yaşda pensiya ödəniləcək – AÇIQLANDI

Sosial

19.06.2025 10:58

Daha tez pensiyaya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.   

Onun sözlərinə görə, çox uşaqlı ailələrdə güzəştli şərtlər ilə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar. Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlər ilə pensiya aldıqları müddətdə ödənişləri artıq dövlət büdcəsindən ödəniləcək. 

“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklə, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin 5 il, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin isə 20 il ərzində aldıqları erkən pensiya məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də ahıllara qulluq etmiş şəxslərə görə sığorta stajına daxil edilən dövrlərlə bağlı qazanılmış pensiya kapitalına əsasən hesablanan əmək pensiyası ödənişlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”.

Deputat qeyd edib ki, təsdiq olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır.

Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.   

Parlamentarinin sözlərinə görə, bu dəyişikliklər həm sosial müdafiəni gücləndirəcək, həm də pensiya sisteminin maliyyə sabitliyinə dəstək verəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Pensiya,Maaş,Todaypress.tv,

photo