Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirildi

Sosial

16.05.2025 16:30

10

Qarabağ Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin müvafiq fakültələrinin birgə təşkilatçılığı ilə “Mədəni irs” mövzusunda keçirilən VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov konfransın mövzusunun Qarabağ regionu üçün müstəsna önəm daşıdığını və turizm sahəsində yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsinin, eyni zamanda bu istiqamətdə nəticəyönümlü tədqiqatların aparılmasının Universitetin prioritetləri sırasında olduğunu vurğulayıb.

Rektor bildirib ki, uzun illər boyu işğal altında qalmış torpaqlarımız azad olunduqdan sonra bərpa edilən hər bir abidə, dirçəldilən hər bir kənd və şəhər həm də mədəni irsimizin yenidən canlanması və dünyaya tanıdılması prosesinin bir hissəsidir.

Ş.Bayramov turizmi bu prosesin lokomotivlərindən biri hesab edərək Qarabağın bənzərsiz təbiətə, zəngin biomüxtəlifliyə malik nadir bir coğrafiya olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov çıxışında Azərbaycanın turizm sektorunun davamlı inkişafı və bu sahənin milli iqtisadiyyat üçün strateji əhəmiyyətindən bəhs edib.

C.Məmmədov qeyd edib ki, Qarabağ Universitetinin işğaldan azad edilmiş ərazilərin turizm potensialının inkişafı istiqamətdə xüsusi rolu var. 

16-18 may 2025-ci il tarixində hibrid formatda keçirilən konfransda Türk dünyasında mədəni irs və turizm, mədəni irsin qorunması və davamlı turizm, mədəni irsin rəqəmsallaşdırılması və virtual turizm, mədəni irs turizmi və iqtisadi təsirlər,

Türk dünyasında ortaq qastronomiya irsi mövzularında elmi məruzələr edilib.

tag: Qarabağ,Universiteti,Konfrans,Mərasim,Todaypress.tv,

photo