Paşinyan: "Ermənistan–Azərbaycan təmasları etimadsızlığı aradan qaldıra bilər"

Siyasət

16.07.2025 17:07

"Ermənistan və Azərbaycan arasında mövcud olan dərin etimadsızlıq yalnız birbaşa təmaslar və ardıcıl diplomatik addımlar vasitəsilə aradan qaldırıla bilər".

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistan və Azərbaycan arasında məlum səbəblərə görə dərin etimadsızlıq mövcuddur. Məsələn, Əbu-Dabidə keçirilən görüşlər bu baxımdan vacibdir. Əgər bu etimadsızlığın aradan qaldırılması imkanı varsa – mən hesab edirəm ki, bu, mümkündür – buna məhz bu cür təmaslar vasitəsilə nail olmaq olar", - deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, hər iki ölkə sülh sazişinin imzalanması ilə bağlı öz mövqelərini açıq şəkildə bəyan edib və bu istiqamətdə mövqelərin yaxınlaşdırılması üçün birgə məsləhətləşmələr aparılır. Paşinyan onu da qeyd edib ki, İrəvanla Bakı arasında aparılan danışıqlarda heç bir gizli məqam yoxdur – bütün proseslər ictimaiyyətə açıqdır.

Töhfə Səməd

tag: Ermənistan ,Azərbaycan,Paşinyan,Sülh,Todaypress.tv,