Millət vəkili: "2026-cı il Azərbaycan və Ermənistan arasında sülh ili ola bilər"
Siyasət
24.10.2025 15:51
"Azərbaycan və Ermənistan heç vaxt indiki qədər sülh müqaviləsinin imzalanmasına yaxın olmayıblar".
Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vəziyyəti şərtləndirən əsas amil iki dövlət arasında etimad mühitinin möhkəmlənməsi istiqamətində atılan ciddi addımlardır. O xatırladıb ki, 8 avqustda Vaşinqtonda keçirilən yüksək səviyyəli danışıqlar və əldə olunan razılaşmalar belə bir etimad mühitinin formalaşmasında həlledici rol oynayıb. Bu məntiqlə atılan son addımlar da eyni məqsədə – sülhün reallaşmasına xidmət edir.
"Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı bəyan edib ki, Ermənistanın tranzit yüklərinə tətbiq edilən məhdudiyyətlər tam şəkildə aradan qaldırılır. Bunun sübutu kimi, Qazaxıstandan taxıl Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Bunun qarşılığında Ermənistanın Baş naziri Nikol Paşinyan da Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda Azərbaycan Prezidentinə təşəkkür edib və bəyan edib ki, Ermənistan da Türkiyə mallarının öz ərazisindən tranzit keçidinə heç bir maneə qoymayacaq. Bu yolla, Azərbaycan yükləri də Ermənistan üzərindən Naxçıvana və Türkiyəyə çatdırılacaq", - deyə parlamentari vurğulayıb.
O əlavə edib ki, bu təşəbbüslərin ardınca Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin İrəvanda iki günlük görüşü baş tutub və tərəflər sülh prosesinin irəli aparılması ilə bağlı fikir mübadiləsi apararaq, bu cür təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
E.Nəsirov hesab edir ki, bütün bu addımlar sülh prosesinin məntiqi sonluğa çatması üçün ciddi imkanlar pəncərəsi açır.
“İnanmaq istəyirik ki, 2026-cı il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı il kimi tarixə düşəcək", - deyə o fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Ermənistan,Sülh,Todaypress.tv,
