Metyu Brayza: “Qərbə meyillənmək Ermənistanı sülhə yaxınlaşdıracaq”
Siyasət
03.06.2025 12:41
“Ermənistanın Rusiya ilə münasibətləri soyuduqca Avropa İttifaqı (Aİ) və ABŞ ilə əlaqələri güclənib”.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, enerji diplomatiyası və Cənubi Qafqaz üzrə ixtisaslaşmış tanınmış ekspert Metyu Brayza bunu Bakı Enerji Həftəsi çərçivəsində TodayPress TV-yə danışarkən deyib.
O, bu məsələyə Vaşinqtonun prizmasından baxmağı təklif edib.
“Vaşinqton isə balanslı siyasət yürüdür. Həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlər qurmaq istəyir.
Hazırda enerji sahəsindən danışırıq. Bərpa olunan enerji — Azərbaycanın firavanlığının təməl daşıdır. Ermənistan iqtisadi baxımdan daha çox çətinlik çəkib və təhlükəsizlik qabiliyyətlərini inkişaf etdirmək üçün Azərbaycan kimi maliyyə resursları yarada bilməyib. Azərbaycan isə bunu bacarıb. 44 günlük İkinci Qarabağ müharibəsində də uğurlu olub.
Vaşinqton hesab edir ki, əgər Ermənistanın Qərbə, yəni transatlantik ailəyə inteqrasiyası üçün imkan yaranırsa, bu, həm ABŞ, həm Ermənistan, həm də bütövlükdə transatlantik birliyə faydalıdır.
Eyni zamanda bu, Azərbaycan üçün də yaxşıdır. Çünki bu halda Ermənistan daha sabit və sakit olacaq və ola bilər ki, Azərbaycanın tələb etdiyi son güzəştləri etməyə hazır olsun — beləliklə, sülh sazişi imzalansın. Bu, ABŞ-nin daha geniş strateji baxış bucağıdır”.
Töhfə Səməd
tag: ABŞ,Səfir,Metyu Brayza,Açıqlama,Todaypress.tv,