Fazil Mustafa: "Bundan sonra ürək sözlərinizi Trampa yazarsınız!"
Siyasət
09.08.2025 03:19
"Zəngəzur dəhlizinə Cənubdan və Şimaldan narahatlıq və qəzəblə baxanlar bu mərhələdən sonra fikirlərini birbaşa ABŞ Prezidenti cənab Donald Trampa ünvanlaya bilərlər".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa öz "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, artıq Zəngəzur dəhlizi təşəbbüsü qlobal səviyyədə qəbul olunmuş və dəstəklənmiş bir layihədir:
"Rahat olun, bu dəhlizin ağsaqqalı sizlərə çox mülayim cavab verəcək!".
Deputatın fikrincə, iqtisadiyyat və ticarət uzun illər bir-biri ilə düşmən vəziyyətində olan xalqları bir araya gətirib yaxınlaşdıracaq:
"Əgər az da olsa, düşüncə imkanları varsa, ermənilərin son addımlarından dərs götürərlər. Bu bölgədə artıq bir teorem öz təsdiqini tapıb: Azərbaycanla dost olanlar qazanırlar".
O, sonda təbiətdən misal çəkib:
"Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından itidir. Əgər məsələlərə emossiya ilə deyil, ağılla və rasional yanaşma ilə baxılsa, hər kəs üçün bu layihənin nə qədər faydalı və gələcəyə hesablanmış olduğu aydın görünər”.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
Töhfə Səməd
tag: Zəngəzur ,ABŞ ,Donald Tramp, Fazil Mustafa,Todaypress.tv,