Deputatdan "Mehdiyev işi"nə reaksiya: "Qanun qarşısında cavab verməlidir"
Siyasət
21.10.2025 12:54
Azərbaycan Prezidentinin Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb.
O, dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi 14 oktyabr 2025-ci il tarixində Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev işiylə bağlı ictimaiyyət arasında müxtəlif fikirlər səslənir.
O cümlədən parlament üzvlərinin bu məsələyə baxışı da maraq doğurur.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu hadisənin açılması Azərbaycan dövlətinin möhkəmliyini və qanunçuluq prinsiplərinə sadiqliyini göstərir:
“Azərbaycan dövləti hər hansı qeyri-qanuni hərəkətin qarşısını ala biləcək mexanizmlərə sahibdir. Kimlərinsə dövlətə qarşı fəaliyyətinin qarşısı zamanında alınır. Qanun qarşısında hamı bərabərdir və hər kəs etdiyi əmələ görə cavab verməlidir. Nəzərə alaq ki, Ramiz Mehdiyev bu hərəkəti vəzifədə olarkən yox, artıq təqaüddə olduğu və o cümlədən ictimai fikrə təsir imkanları olmadığı bir zamanda edib. Əməlinə görə də bu gün hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir".
Deputat qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti ciddi bir dövlət qurumudur və onun tərəfindən irəli sürülən ittihamlar əsaslı faktlara söykənir:
“Bir qayda olaraq, belə rezonans doğuran məsələlər barədə ictimaiyyətə mütəmadi məlumat verilir. Hadisə cəmi bir neçə gündür məlum olub. Bu isə o deməkdir ki, müəyyən vaxtdan sonra məsələ ilə bağlı ətraflı açıqlama veriləcək".
Aydın Mirzəzadə əlavə edib ki, ictimaiyyətin və parlament üzvlərinin sərt reaksiyası Azərbaycan xalqının dövlətçiliyə və müstəqilliyə sadiqliyini göstərir:
“Azərbaycan xalqı öz dövlətçiliyini qoruyur, qiymətləndirir və heç bir halda dövlətinə zərər vurmaq istəyən qüvvələri dəstəkləməyəcək. Bu hadisənin qarşısının alınması göstərir ki, Azərbaycan dövləti heç bir zaman onun daxili işlərinə qarışmaq istəyən xarici qüvvələrə imkan verməyəcək və bundan sonra da müstəqil siyasətini davam etdirəcək".
Jalə Rövşən
tag: Ramiz Mehdiyev,Deputat,Aydın Mirzəzadə,Cinayət,Todaypress.tv,
