Bakıdakı “Rus evi” açılacaq? – AÇIQLAMA
Siyasət
10.10.2025 15:08
“Rus Evi” adlanan təsisatın Azərbaycanla Rusiya arasında təxminən 10 ay əvvəl Moskvanın davranışları nəticəsində yaranmış münasibətlərə birbaşa aidiyyəti yoxdur".
Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə danışarkən deyib.
O bildirib ki, Azərbaycanda xarici ölkələrin kommersiya və qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı ümumi hüquqi-normativ aktlar mövcuddur. Lakin “Rus Evi” hüquqi-təşkilat statusuna görə bu kateqoriyalardan heç birinə daxil deyil - o, Rusiyanın dövlət qurumunun təmsilçiliyidir.
"Bu tip qurumların ölkə ərazisində fəaliyyət göstərməsi dövlətlərarası müqavilələr əsasında tənzimlənməlidir. Azərbaycanla Rusiya arasında isə nə Müstəqil Dövlətlər Birliyi, nə Xaricdə Yaşayan Həmvətənlər, nə də Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin təmsilçiliyi ilə bağlı hər hansı müqavilə imzalanıb.
Bu isə o deməkdir ki, qeyd olunan federal agentliyin Bakıdakı nümayəndəliyinin fəaliyyəti hüquqi əsasdan məhrum olduğuna görə dayandırılıb. Beləliklə, Azərbaycanın “Rus Evi” ilə bağlı mövqeyi tam şəkildə milli qanunvericiliyin tələblərinə uyğundur", - deyə parlamentari əlavə edib.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib.
Nazirlik bildirib ki, buna səbəb "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.
Qiymət Mahir
tag: Elçin Mirzəbəyli,Deputat,Rus evi,Açıqlama,Todaypress.tv,
