AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi
Siyasət
02.06.2025 13:03
İordaniyanın paytaxtı Əmman şəhərindəki İordaniya Universitetində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən 2015-ci ildə təsis olunmuş və fiziki cəhətdən məhdud, xüsusilə gözdən əlil və görmə qabiliyyəti zəif olan tələbələr üçün nəzərdə tutulan “İnklüziv təhsil üçün kompüter laboratoriyası” əsaslı təmir edilərək xüsusi növ yeni nəsil avadanlıqlarla təhciz olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, laboratoriyanın açılış mərasimində AIDA-nın rəisi Elməddin Mehdiyev, Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov, İordaniya Universitetinin vitse-prezidenti professor Ziad Havamdeh, tələbələrlə iş üzrə kafedranın dekanı Şayab Şavfan, eləcə də universitetin müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan və İordaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə universitet rəhbərliyi Azərbaycan tərəfindən göstərilmiş dəstəyin sözügedən təhsil müəssisəsi üçün əhəmiyyətini, universitetdə təhsil alan əlli beş min tələbənin təxminən bir faizinin fiziki imkanlarının məhdud olduğunu və bu layihənin iki dövlət arasındakı münasibətlərə töhfə verdiyini vurğulayaraq təşəkkür edib.
Səfir E.Səlimov layihənin ərsəyə gəlməsində bütün tərəflərin nümunəvi əməkdaşlıq göstərdiyini və bu laboratoriyanın iki xalq və dövlət arasında mövcud olan dostluğun nişanələrindən birinə çevriləcəyini qeyd edib.
AIDA-nın rəisi E. Mehdiyev Azərbaycan və İordaniya arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah ibn Al Hüseyn arasındakı dostluq münasibətlərinə söykəndiyini və AIDA-nın dəstəyi ilə yenilənmiş laboratoriyanın açılışının 25 və 28 may tarixlərində qeyd edilmiş hər iki ölkənin müstəqillik günlərinə ithaf olunduğunu bildirib.
İnklüziv təhsilin dəstəklənməsi məqsədini daşıyan layihə İordaniya Universitetində təhsil alan fiziki imkanları məhdud tələbələrə müasir təhsil alətləri və resurslarına çıxış əldə etmək və potensiallarını inkişaf etdirmək imkanı verəcək.
tag: Azərbaycan,XİN,AİDA,Təmir,Todaypress.tv,




