"OPEC+" neft hasilatını artırmağı planlaşdırır

Sənaye və energetika

27.05.2025 19:15

4

Bu həftə OPEC+ razılaşmasına daxil olan ölkələr neft hasilatının sürətlə artırılmasının növbəti mərhələsini razılaşdıracaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" üç nümayəndəyə istinadla məlumat yayıb.

22 iştirakçı ölkənin nümayəndələri mayın 28-də bir araya gələcək. Lakin gündəlik hasilatın 135 min barrel əvəzinə 411 min barrel artırılması ilə bağlı yekun qərarın mayın 31-də, səkkiz ölkənin nümayəndələrinin ayrıca toplantısında veriləcəyi gözlənilir.

Analitiklərin fikrincə, hasilatın yenidən artırılması ehtimalı yüksəkdir və bu artıq neft qiymətlərində öz əksini tapıb. Mayın 27-si günortaya olan məlumata görə, "Brent" markalı neftin qiyməti bir barrel üçün 63,5 dollara düşüb. Mart ayında hasilatın qəfil artırılmasından sonra qiymətlər 60 dolların da altına enmişdi.

Yeni hasilat artımı faktiki olaraq yalnız may ayında başlayıb, iyun üçün artım isə aprel sonunda razılaşdırılıb. KİV-lərin məlumatına görə, OPEC+ strategiyasının dəyişməsində əsas təşəbbüskar olan Səudiyyə Ərəbistanı yalnız kvotaları pozan ölkələri cəzalandırmaq deyil, eyni zamanda dünya bazarındakı payını bərpa etməyi hədəfləyir. Bu siyasət ilk növbədə ABŞ-nin şist nefti sənayesinə yönəlib.

Töhfə Səməd

tag: OPEC+,Neft,Hasilat,Artım,todaypress.tv,