“8 Noyabr” Elektrik Stansiyası: Azərbaycan energetika habına çevrilir
Sənaye və energetika
24.06.2025 18:09
"Azərbaycan Cənubi Qafqazın energetika habına çevrilir".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevir şəhərində açılışı olan “8 Noyabr” Elektrik Stansiyasına diqqət çəkib:
"1880 meqavat gücündə stansiya Azərbaycanın daxili enerji tələbinin ödənilməsinə xüsusi töhfə verməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına şərait yaradacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisə hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək".
Millət vəkilinin sözlərinə görə, elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 %-i əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik sisteminin genişləndirilməsi və itkilərin minimuma endirilməsi ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.
"Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsi ilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər", - deyə o, nitqini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
Töhfə Səməd
tag: Vüqar Bayramov,Deputat,8 Noyabr,Azərbaycan,Todaypress.tv,
