Erkən sünnət autizm riskini artırır? - Professor açıqladı

Sağlamlıq

13.10.2025 15:44

ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Katibi Robert Kennedi sünnət və autizm arasında mümkün əlaqədən danışıb. 

O bildirib ki, Danimarkada aparılan tədqiqat nəticələrinə əsasən, sünnət edilmiş oğlan uşaqlarında sünnətsiz yaşıdları ilə müqayisədə autizm riskinin daha yüksək olduğu müəyyən edilib.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, erkən yaşda uşaqların keçirdiyi travmalar və streslər sonradan onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər:

"Ümumiyyətlə, uşaqlarda istər stress, istərsə də fiziki travmalar yaşandıqda, autizm riski daha çox olur. Buna görə də belə bir əlaqənin olması mümkündür. Sünnət əməliyyatı elə yaşda aparılmalıdır ki, uşaq bunu ya hələ dərk etməsin, ya da artıq psixoloji baxımdan hazır olsun".

Professorun sözlərinə görə, sünnətin düzgün yaşda aparılmaması uşaqlarda uzunmüddətli psixoloji izlər buraxa bilər:

"Uşaqlarda sünnət yaşının uğursuz seçilməsi bəzən ciddi problemlərə yol açır, onların psixologiyasına təsir göstərir. Bu səbəbdən də hesab edirəm ki, sözügedən araşdırmada müəyyən həqiqət payı var".

O, həmçinin qeyd edib ki, belə tədqiqatların nəticələri tibb ictimaiyyəti tərəfindən daha dərindən araşdırılmalı, uşaqlarda tibbi prosedurların psixoloji təsirləri nəzərə alınmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Qeybulla,Professor,Erkən sünnət,Autizm,Todaypress.tv,

photo