Tom Hardi “Qanqsterlend” serialında: Qay Riçinin “Cənablar”dan sonrakı ilk işi necə alınıb?
Mədəniyyət
02.06.2025 03:00
"Paramount+" platformasında yayımlanan “Qanqsterlend” adlı kriminal dram serialı finala yaxınlaşır.
TodayPress TV xəbər verir ki, əvvəllər “Ray Donovan” serialının davamı kimi planlaşdırılan layihə sonradan müstəqil məhsula çevrilib.
Serialın baş rollarında Tom Hardi, Helen Mirren və Pirs Brosnan yer alıb. İlk epizodların yaradıcısı isə tanınmış britaniyalı rejissor Qay Riçidir.
Hadisələr kriminal klanlar arasında qarşıdurma fonunda cərəyan edir. Tom Hardi Harriqanlar mafiyasının başçısı Harri De Suzanı canlandırır. O, bir tərəfdən rəqib qruplaşmalar arasında gərginliyi yumşaltmağa çalışır, digər tərəfdən ailə problemləri ilə mübarizə aparır. Lakin hadisələr nəzarətdən çıxmağa başlayır: rəqib klanın liderinin oğlu yoxa çıxır, şübhələr Harriqan ailəsinə yönəlir və nəticədə qanlı müharibə təhlükəsi yaranır.
Qanqsterlərlə dolu bu dünyada Hardinin obrazı ekranı tamamilə ələ keçirir. Pirs Brosnan isə tam fərqli ampluada – psixopat lider obrazında çıxış edir. Helen Mirren isə intriqa sevən rolu ilə diqqət çəkir.
Serialda klassik Qay Riçi üslubu – sürətli montajlar, yumor və ironik dialoqlar – demək olar ki, yoxdur. Bunun əvəzində, “Qanqsterlend” ailə, vəfa və qanlı düşmənçilik mövzularına fokuslanaraq Şekspir tragediyalarına bənzər ağır atmosfer yaradır. Hətta finala yaxın bəzi səhnələr birbaşa “Makbet”i xatırladır.
Bununla belə, personajların çoxu birölçülüdür, onların psixoloji dərinliyi zəifdir. Serialda yaxşılar və pislər aydın ayrılır, bu isə mürəkkəb insan xarakterlərinin göstərilməsinə mane olur.
Qısacası “Qanqsterlend” üçün ulduzlarla dolu heyətə və ağır süjet xəttinə malik, lakin klassik Qay Riçi üslubundan uzaq, daha çox kriminal dram və ailə faciəsi janrında çəkilmiş serialdır demək doğru olar.
Töhfə Səməd
tag: Qanqsterlend,Serial,Tom Hardi,Qay Riçi,todaypress.tv,