“Siz kimsiniz ki, fəxri adların alınmasını müzakirə edirsiniz?” – Xalq artisti QƏZƏBLƏNDİ

Mədəniyyət

19.05.2025 12:54

52

Sənətçilərin fəxri adlarla bağlı şikayətləri zamanla müzakirə mövzusu olur. Bəziləri fəxri ad ala bilmədiyi üçün işlədiyi qurumun rəhbərliyini, bəzən də Mədəniyyət Nazirliyini günahlandırırlar.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun "Report"a müsahibəsində dediyi sözlər isə məsələni yenidən gündəmə gətirib. 

O bildirib ki, dövlət tərəfindən incəsənət xadimlərinə verilən fəxri adların ləğv olunması müzakirə mövzusudur.

Qonşu ölkələrdən misal çəkən nazirlik rəsmisi həmin yerlərdə gənc sənətçilərin fəxri adların, ümumiyyətlə, nə olduğunu bilmədiyini diqqətə çatdırıb. 

Maraqlıdır, vaxtilə fəxri ada layiq görülənlər Oleq Əmirbəyovun açıqlaması ilə bağlı nə düşünürlər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tanınmış aktyor, Azərbaycanın Xalq artisti Şamil Süleymanlı bildirib ki, bu barədə hansı qərar verilsə, onunla razılaşacaq.

Lakin sənətçilərə sevinc gətirən fəxri adların ləğv olunması o qədər də düzgün hesab etmir: 

“Mən heç nəyə qarşı deyiləm, amma istəməzdim ki, bu məsələ müzakirə mövzusu olsun. Ümumiyyətlə fəxri ad olanda nə olur, olmayanda nə olur? Kimə maneə olur? Kimin nəyini əlindən alır axı bizim fəxri adımız? Bu məsələ müzakirə olunacaq məsələsi deyil. Niyə "Neçədə gəlim, neçədə mən…" oxuyanlar müzakirə olunmur, ancaq kiməsə fəxri adların verilməsindən danışılır?”. 

Xalq artisti diqqətə çatdırıb ki, xaricdə fəxri ad əvəzinə sənətçilərə mükafat verilir. Yəni başqa formada da olsa, bu, mümkündür.

“Sən həmin fəxri adı yığışdırıb, əvəzində mənə nə verəcəksən?” deyə aktyor üsyan edib:   

“Bizim qəbrimizin üzərində yazılacaq ki, Xalq artisti olmuşuq. Bizdən sonra da övladlarımız deyəcək ki, mənim atam və ya anam Xalq artisti olub. O biri adları bilmirəm, amma bu ad aktyorlara verilən bir qanaddır. Siz kimsiniz ki, bunu müzakirə mövzusu edirsiniz? Bu sevinci heçə sayasınız?”. 

Töhfə Səməd

tag: Şamil Süleymanlı,Xalq Artisti,Fəxri ad,Müzakirə,Todaypress.tv,