Azərbaycan UNESCO-nun MONDIACULT 2025 konfransında təmsil olunacaq
Mədəniyyət
28.09.2025 15:53
Azərbaycan 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT 2025) iştirak edəcək.
TodayPress TV xəbər verir ki, tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla nümayəndə heyəti təmsil edəcək.
Konfrans çərçivəsində sentyabrın 28-də “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” da keçiriləcək. Burada mədəniyyətin qlobal iqlim gündəliyinə inteqrasiyası və dayanıqlı gələcək üçün yeni yanaşmalar müzakirə olunacaq.
Qeyd edək ki, MONDIACULT UNESCO tərəfindən 1982-ci ildən keçirilir və mədəniyyət siyasətləri üzrə ən geniş hökumətlərarası platforma hesab olunur. Bu ilki konfransda “mədəni hüquqlar”, “rəqəmsal texnologiyalar və mədəniyyət”, “təhsil və mədəniyyət”, “mədəniyyət iqtisadiyyatı”, “iqlim və mədəniyyət”, “irs və böhran” mövzuları müzakirə ediləcək.
Tədbir yüzlərlə ölkəni, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün qlobal platforma rolunu oynayacaq.
tag: UNESCO-nun MONDIACULT 2025 konfransı,Adil Kərimli,TodayPressTV,
