Kennedinin öldürülməsi ilə bağlı İDDİA: O, sevgi hekayəsinin qurbanı olub?
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Ralf Qanis, ölkənin 35-ci prezidenti Con Kennediyə qarşı sui-qəsdin əsl sifarişçilərinin prezidentin yaxın ətrafı olduğunu iddia edib. Onun sözlərinə görə, bu qərar Kennedinin Sovet casusu olan qadınla sevgi münasibətlərinin ictimailəşəcəyi qorxusu ilə verilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Radar Online” nəşri məlumat yayıb.
Qanis bildirib ki, 1963-cü ilin noyabrında Dallasda baş verən sui-qəsdin arxasında ABŞ-nin hərbi komanda strukturu olan “Milli Komanda Səlahiyyəti” dayanıb. O iddia edir ki, əldə etdiyi sənədlərə əsasən, prezident Sovet İttifaqının agenti olan qadınla əlaqədə olub və bu məlumatın tezliklə mediaya sızması gözlənilib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Kennediyə atəş açan şəxs rəsmi olaraq ittiham edilən Li Harvi Osvald deyil, Fransa ordusunun sabiq kapitanı və ultrasağçı “Gizli Silahlı Təşkilat”ın üzvü Jan Rene Suetr olub.
Suetrin Fransa müstəmləkəçiliyini müdafiə edən hərbi əməliyyatlarda iştirak etdiyi, sonradan isə İspaniyada yaşadığı və Afrikada muzdlu döyüşçü kimi fəaliyyət göstərdiyi deyilir.
Qanisin fikrincə, sui-qəsd planı sabiq nasist diversant, "SS" zabiti Otto Skorzeninin rəhbərliyi ilə hazırlanıb. O, bu iddiasını “Skorzeni sənədləri” adlandırdığı materiallara əsaslandırır və deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) onun prezidentin aradan qaldırılması üçün muzdlu qrup təşkil etməsinə görə ödənişlər edib.
Qanis onu da əlavə edib ki, Kennedinin aradan götürülməsi ABŞ rəhbərliyində geniş yayılmış casusluq və fahişəlik şəbəkəsinin ifşa olunmasının qarşısını almaq məqsədi daşıyıb.
Onun sözlərinə görə, bu şəbəkəyə konqresmenlər, senatorlar və lobbiçilər daxil olub və məlumatların yayılması ölkəni reputasiya böhranına sala bilərmiş.
Bununla belə, Qanisin iddiaları nə ABŞ-də, nə də beynəlxalq ekspertlər arasında ciddi əks-səda doğurmayıb.
Təqdim etdiyi “sübutlar” əsasən fərziyyələrə və əvvəllər təkzib olunmuş məlumatlara əsaslanır.
Rəsmi araşdırmalara görə, Kennedini Li Harvi Osvald təkbaşına öldürüb.
Son illərdə Donald Trampın təşəbbüsü ilə açıqlanan sənədlər də bu versiyanı təkzib etmir.
Lakin hadisə ilə bağlı müəmmalar hələ də qalmaqdadır.
Töhfə Səməd
tag: ABŞ ,Ralf Qanis,Con Kennedi,Li Harvi Osvald,todaypress.tv,