Zakir Nuriyev: “Fintex sahəsində Avropa təcrübəsi nəzərə alınmalıdır”
Maliyyə
09.10.2025 10:58
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun təkmilləşdirilməsi prosesində Avropa İttifaqının ödəniş xidmətlərinə dair yeni – III nəsil Direktivində nəzərdə tutulan dəyişikliklər də nəzərə alınmalıdır”.
TodayPress TV xəbər verir ki, bu fikri Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev “Baku Fintech Forum 2025” çərçivəsində keçirilən “Dayanıqlı fintex ekosistemi qurmaq” adlı panel müzakirəsində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu sahədə Avropa təcrübəsinin tətbiqi yerli bazarda təhlükəsizliyin və sabitliyin artırılmasına xidmət edəcək:
“Məsələn, elektron pul təşkilatlarının saxladıqları vəsaitlərin bir neçə bankda yerləşdirilməsi tələbi istifadəçilərin pullarının qorunmasına əlavə təminat yaradır və bu qurumların maliyyə dayanıqlığını gücləndirir”.
Z.Nuriyev əlavə edib ki, maliyyə inklüzivliyinin genişləndirilməsi, açıq maliyyə modelinin effektiv tətbiqi və fintexlərin fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün qanunvericilik bazasının yenilənməsi vacibdir. Onun fikrincə, bu addımlar ekosistemdə innovasiyaların tətbiqini sürətləndirəcək, yeni müştəri seqmentlərinin formalaşmasına və rəqabətli mühitin qorunmasına şərait yaradacaq.
Sonda ABA rəhbəri qeyd edib ki, məlumatların istifadəsinin səmərəli idarə olunması və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə Avropanın qabaqcıl təcrübəsindən yararlanmaq zəruridir.
Qiymət Mahir
tag: Bakı,Fintex,Forum,Tədbir,Todaypress.tv,
