“Moody’s Ratings” Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
Maliyyə
04.07.2025 15:07
İyulun 3-də “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.
Bu barədə TodayPress TV-yə Maliyyə Nazirliyindən bildirilib.
Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin, pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.
Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.
“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcəkdir. Eləcə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.
Agentliyin ehtimallarına görə, iqtisadiyyatın şaxələndirilməsinə baxmayaraq, Azərbaycan orta və uzun müddətdə neft-qaz gəlirlərindən faydalanmağa davam edəcəkdir. Büdcə transferlərindən asılılığın azaldılması səyləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması fiskal təhlükəsizliyi genişləndirəcək və şok dövrlərində iqtisadiyyata dəstək üçün mövcud olan resursları artıracaqdır.
Qeyd edək ki, “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin nümayəndələrinin cari ilin 19-21 may tarixlərində Azərbaycana səfəri zamanı aidiyyəti dövlət qurumlarında, o cümlədən Azərbaycan Respublikası Maliyyə Nazirliyində görüşlər keçirilmiş, həmin görüşlərdə aparılan müzakirələr və təqdim olunmuş məlumatlar əsasında reytinq agentliyi tərəfindən ölkənin kredit reytinqi yenidən qiymətləndirilib.
tag: Maliyyə,Reytinq,Azərbaycan,Yüksəltmək,Todaypress.tv,