Maliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilir
Mayın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Dövlət Maliyyə İdarəetməsi İnformatika Sistemi” mövzusunda təlim təşkil olunub.
TodayPress TV xəbər verir ki, dörd gün davam edəcək təlimin açılış mərasimində çıxış edən Maliyyə Nazirliyinin Aparatının rəhbəri Natiq Həsənov dövlət maliyyəsinin idarəedilməsinin yeni çağırışlara uyğunlaşdırılması, büdcə prosesinin rəqəmsallaşdırılması və bu sahədə aparıcı dünya ölkələrinin, o cümlədən Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsinin vacib olduğunu bildirib.
Təlim proqramına uyğun olaraq Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin mütəxəssisləri Mehmet Qalip Aksoy və İbrahim Erbaş, həmçinin Mühasibat Baş İdarəsinin şöbə müdiri Sertaç Bezci inteqrasiya edilmiş dövlət maliyyəsinin və xərclərin idarə edilməsi, elektron yığım və satınalma informasiya sistemləri barədə geniş məlumat veriblər.
Daha sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə edilib.
Təlimdə Nazirliyin aparatının, Nazirlik yanında dövlət xidmət və agentliklərin 51 əməkdaşı iştirak edib.
tag: Maliyyə,Nazirlik,Təlim,Tədbir,Todaypress.tv,