AQTA-dan sahibkarlara müraciət
Kənd Təsərrüfatı
19.08.2025 22:40
Aparılan nəzarət tədbirləri zamanı idxal olunan bitkiçilik məhsullarında, xüsusilə də əkin-səpin materiallarında və dekorativ bitkilərdə zərərli orqanizmlərin, o cümlədən karantin tətbiq edilən növlərin aşkarlanması hallarının artdığı müşahidə olunur.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, bu barədə agentliyin bitkiçilik məhsullarını idxal edən sahibkarlara müraciətində bildirilir.
Müraciətdə daha sonra deyilir: "Toxumçuluq haqqında" Qanuna əsasən, ölkə ərazisində rayonlaşmış, sortluq, səpin keyfiyyətlərini təsdiq edən uyğunluq və fitosanitar sertifikatı olan bitki sortları toxumlarının dövriyyəsinə icazə verilir. Eyni zamanda, qablaşdırma və etiketlənmə tələblərinə cavab verməyən toxumların, həmçinin laborator müayinələrə cəlb edilməyən toxum və bitkiçilik məhsullarının ölkə ərazisində istifadəsi və dövriyyəsi qadağandır. Bitkiçilik məhsullarının idxalı yalnız zərərli orqanizmlərə qarşı mütəmadi olaraq kompleks fitosanitar tədbirlər aparılan istehsal sahələrindən və ya zərərli orqanizmdən azad zonalardan olmalıdır. Həmçinin toxumların əsas virus daşıyıcısı olduğunu nəzərə alaraq, onların əl yüklərində gətirilməməsi tələb və tövsiyə edilir. Bildiririk ki, idxal zamanı uyğunsuzluq aşkarlanmış bitki və bitkiçilik məhsulları ilə bağlı agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək, belə məhsulların ölkəyə buraxılmasına icazə verilməyəcək və ya sirayətlənmiş məhsul partiyası məhv ediləcək".
AQTA sahibkarları idxal zamanı daha məsuliyyətli davranmağa, fitosanitar təhlükəsizliyin təmin olunmasına, eləcə də milli və beynəlxalq qaydalara əməl etməyə çağırır.
tag: AQTA,Bitkiçilik, Toxumçuluq, Qanun, Müraciət, todaypress.tv,