“WaterTech Bootcamp”ın açılış mərasimi keçirildi
İqtisadiyyat
05.09.2025 22:00
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və agentliyin nümayəndələri iştirak ediblər.
Bu barədə ADSEA-dan TodayPress TV-yə verilən məlumata görə, qurumun sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir.
“Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”, - deyə İlham Bayramov bildirib.
Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev çıxışı zamanı qeyd edib ki, bu hakatonda irəli sürülən ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər: “Əziz tələbələr, qarşıda sizi dörd günlük gərgin, eyni zamanda çox faydalı bir proses gözləyir. Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız”.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dörd günlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub. Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc iştirakçı təlimlərdə iştirak etmək imkanı qazanıb. Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.
tag: ADSEA,Açılış,Mərasim,Tədbir,Todaypress.tv,