Rusiya ilə münasibətlərdə gərginlik: Hansı məhsullar bahalaşacaq? – AÇIQLAMA

İqtisadiyyat

02.07.2025 14:57

“Azərbaycan və Rusiya arasında illərdir davam edən iqtisadi-siyasi münasibətlər zaman-zaman gərginləşsə də, iki ölkə arasında ticarət əlaqələri hələ ki, sabitliyini qoruyur”.

İqtisadçı Günay Hüseynova bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasi münasibətlərdəki dəyişikliklər ilk növbədə iqtisadiyyata təsir edir. 

“Hazırda əsasən Rusiya və Qazaxıstandan buğda və un idxal edirik. Əvəzində isə meyvə, tərəvəz, konservləşdirilmiş məhsullar və meyvə şirələrini Rusiya bazarına ixrac edirik. İkitərəfli münasibətlərin sabit qalması həmin məhsulların güzəştli şərtlərlə alınmasına və daxildə münasib qiymətə satılmasına imkan yaradır. Lakin Rusiya iqtisadiyyatına sanksiyalar tətbiq olunarsa, bu, Azərbaycanda idxal olunan məhsulların qiymətinə təsir göstərə bilər”.

Ekspert çörək və un kimi əsas ərzaq məhsullarının qiymətində yaxın zamanda artım gözlənilmədiyini də vurğulayıb:    

“Çörək və un zəruri ehtiyac məhsullarıdır. Dövlətin həm büdcəsi, həm də neft gəlirləri var. Ehtiyat anbarlarımızda da kifayət qədər məhsul var. Ona görə də bu sahədə narahatlığa əsas yoxdur. Boru, plastik və inşaat mallarının qiymətində artım müşahidə olunsa da, Azərbaycan bu məhsullar üzrə alternativ idxal mənbələrinə malikdir. Həmin sahə rəqabət qabiliyyətli deyil və qiymət artımını əsasən süni şəkildə işbazlar yaradır”.

İqtisadçının fikrincə, sanksiyalar və gömrük məhdudiyyətləri fonunda müəyyən məhsullarda qiymət ucuzlaşması da mümkündür. Belə halda həmin məhsulların daxili bazara yönləndirilməsi ilə pomidor kimi bəzi kənd təsərrüfatı məhsullarında ucuzlaşma yarana bilər.

Günay Hüseynova qeyd edib ki, bunlar qısa müddətli proqnozlardır və rublun dəyərindəki dəyişikliklər, geosiyasi gərginliklər kimi faktorlar proseslərə təsir göstərə bilər.

“2024-cü ildə Azərbaycan ilə Rusiya arasında 4,8 milyard ABŞ dolları dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bunun 3,6 milyard dolları idxalın, 1,2 milyard dolları isə ixracın payına düşüb. İki ölkə arasında ticarət saldosu mənfi 2,4 milyard dollar təşkil edib”, - deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı vəhşicəsinə öldürülüb, bir neçə nəfər saxlanılıb. Bundan sonra Bakı və Moskva arasında münasibətlər gərginləşib və hələ də gərgin olaraq qalır. 

Türkan İsgəndərli

tag: Günay Hüseynova,İqtisadçı,Rusiya,Məhsullar,Todaypress.tv,

photo