Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edildi
İqtisadiyyat
05.09.2025 15:47
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
TodayPress TV xəbər verir ki, bu barədə İKZF-dən məlumat verilib.
Bildirilib ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün sentyabrın 12-də saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi yutub kanalından, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.
tag: İpoteka ,Kredit Zəmanət Fondu,Sumqayıt ,Mənzil,Todaypress.tv,