Saxta xəbərin toruna necə düşürük?
İKT
18.06.2025 17:10
"Saxta xəbərin toruna düşmə hallarını biz təcrübəsiz, daha az peşəkar internet xəbər saytlarında görürük. Belə vəziyyətlərdə ənənəvi media qurumları, xüsusilə də televiziyalar daha təmkinli davranır".
Yeni media üzrə tədqiqatçı Səbinə İzzətli bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, qaynaqlar birinci və ikinci dərəcəli olur. Buna görə də rəsmi qurumların, birinci dərəcəli qaynaqların məlumatı təsdiqləməsi olduqca vacibdir.
Tədqiqatçı vurğulayıb ki, xüsusilə televiziyanın təsdiqlənməmiş məlumat yayması saxta informasiyanın necə tez yayıla biləcəyini göstərir.
"Təəssüflər olsun ki, heç də bütün saytlar təkzibi vermir. Hələ də axtarış edəndə köhnə saxta xəbəri bəzi saytlarda tapmaq olur. Bu fakt bir daha sübut edir ki, informasiya müharibəsinin gücləndiyi indiki dövrdə jurnalistlər yayılan məlumatların dəqiqliyinə xüsusilə diqqət yetirməlidirlər. Saxta xəbərin fərqində olduqda isə təkzibi gecikdirmədən vermək vacibdir".
Müəllim qeyd edib ki, xüsusilə müharibə kimi həssas dönəmlərdə rəsmi qurumlar da bir qədər çevik davranmalıdırlar, sosial mediada yayılan kütləvi saxta xəbərləmələrə anında reaksiya verməlidirlər.
"Bəzən sırf rəsmi informasiya boşluğundan qaynaqlana bilir saxta xəbərlər, meydan boş olur, kim necə gəldi informasiya ilə manipulyasiya edə bilir. Buna aldanmamaq üçün hökmən xəbər qaynaqlarının etibarlılığını yoxlamalı, məlumatın doğuracağı əks-sədanın eyforiyasına qapılmadan peşəkarcasına xəbər hazırlamağı birinci prioritet etmək lazımdır. Həssas mövzuların işıqlandırılması zamanı öncə həqiqət, sonra operativlik olmalıdır", deyə Səbinə İzzətli fikrini yekunlaşdırıb.
Qeyd edək ki, İsrail-İran müharibəsinin başladığı gündən Mahmud Əhmədinejada sui-qəsd xəbərləri yayılmağa başlayıb. Lakin İranın rəsmi xəbər agentliyi "İRNA" Əhmədinejadın ofisinə istinadən bu məlumatı təkzib edib.
Türkan İsgəndərli
tag: Səbinə İzzətli,Tədqiqatçı,Saxta,Xəbər,Todaypress.tv,
