KL: Klublarımız bu gün cavab oyunlarına çıxacaqlar

İdman

14.08.2025 09:31

“Sabah” və “Araz-Naxçıvan” klubları UEFA Konfrans Liqasının (KL) III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar.

TodayPress TV xəbər verir ki, “Sabah” Bakıda Bolqarıstanın “Levski” (Sofiya) klubunu qəbul edəcək. 

Ukraynalı baş hakimi Mikola Balakinin idarə edəcəyi matç saat 20:00-da start götürəcək. 

Paytaxt təmsilçisi səfərdəki ilk matçda “Levski” klubuna bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya” klubunun qonağı olacaq. 

Danimarkalı FIFA referisi Yakob Kehletin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Naxçıvan təmsilçisi Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Namiq HUN

tag: UEFA,Liqa,Klub,Oyun,Todaypress.tv,