FIFA KDÇ-nin formatını dəyişir
İdman
18.08.2025 09:00
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Klublararası Dünya Çempionatının (KDÇ) formatında dəyişiklik etməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, FIFA 2029-cu ildən etibarən turnirin indiki dördillik dövrü əvəzinə iki ildən bir keçirilməsini və iştirakçıların sayının 32-dən 48 komandaya qaldırılmasını planlaşdırır. Yarışın səviyyəsinin aşağı düşməməsi üçün isə bir ölkədən ikidən çox klubun iştirakına icazə verilməsi müzakirə olunur.
Beynəlxalq təqvim yüklü olduğundan, turnirin müddətinin artırılması yığmaların yoldaşlıq görüşləri və iyun ayında keçirilən bəzi turnirlərin ləğvi hesabına kompensasiya ediləcək. Bu isə UEFA-nın Millətlər Liqası təqvimində dəyişikliklər etməsini zəruri edəcək.
Xatırladaq ki, ABŞ-də 32 komandanın iştirakı ilə keçirilən ilk Klublararası Dünya Çempionatının finalında “Çelsi” klubu PSJ-ni 3:0 hesabı ilə məğlub edərək çempion olub.
Namiq HUN
tag: FİFA,KDÇ,Forma,Qərar,Todaypress.tv,