Can Pyero Qasperini “Atalanta”dan ayrılır

İdman

28.05.2025 09:40

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini klubdan ayrılmaq qərarına gəlib.   

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Matteo Moretto sosial şəbəkə "X"də məlumat yayıb. 

67 yaşlı mütəxəssis artıq rəhbərliyi qərarı barədə rəsmi şəkildə məlumatlandırıb. Baxmayaraq ki, onun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 

Qeyd edək ki, Qasperini hələ fevral ayında klubla müqaviləni yeniləmək fikrində olmadığını açıqlamışdı.

O, mövsümün sonuna qədər klubda qalacağı ilə bağlı konkret fikir də bildirməmişdi.

“Atalanta” rəhbərliyi onunla əməkdaşlığı davam etdirmək istəsə də, “Roma” klubu məşqçiyə 2028-ci ilə qədər illik 5 milyon avro maaşla müqavilə təklif edir. 

Can Pyero Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun rəhbərliyi ilə Berqamo təmsilçisi 2024-cü ildə UEFA Avropa Liqasının qalibi olub.

Cari mövsümdə isə “Atalanta” A Seriyasını üçüncü pillədə bitirib.   

Namiq HUN

tag: Atalanta,Futbol,Klub,Məşqçi,Todaypress.tv,