TDT-nin hərbi təlimləri regiona nə vəd edir?

Hərbi

07.10.2025 17:16

“Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin liderlərinin Zirvə Görüşünün gündəliyi sülh və təhlükəsizlik mövzularına həsr olunub”.

Bu sözləri Milli Məclisinin deputatı Hikmət Babaoğlu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, sülh və təhlükəsizliyi təmin edən əsas vasitə gücdür və hazırkı tarixi mərhələdə bu, hərbi-siyasi gücdür. 

Deputat qeyd edib ki, Azərbaycan öz təcrübəsində Qafqaza sülhü məhz hərbi, siyasi və diplomatik güc tətbiq edərək gətirib: 

“Ona görə bu təcrübənin daha da genişləndirilməsi, Türk Dövlətləri Təşkilatını əhatə etməsi lazımdır. Çünki biz bilirik ki, hamının buna ehtiyacı var. Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan arasında bənzər hərbi təlimlər zaman-zaman keçirilir. Bütün Türk Dövlətləri Təşkilatını əhatə etməsi mənə elə gəlir ki, geniş mənada regionun təhlükəsizliyinin təmin edilməsi üçündür və bu, heç kəsi narahat etməməlidir”.

Hikmət Babaoğlu əlavə edib ki, əgər bu təşəbbüs kimisə narahat edirsə, onlar Azərbaycan təcrübəsinə baxmalıdırlar: 

“Azərbaycan güclü oldu, torpaqlarını işğaldan azad etdi, amma işğalçılıq siyasəti həyata keçirmədi. Ermənistanın bir qarış ərazisinə də daxil olmadı. Məncə, elə bu arqument kifayətdir ki, heç kəs bundan narahat olmasın”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.  

Dövlətimizin başçısı bildirib: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.  

Nicat Osman

TodayPress TV

tag: Hikmət Babaoğlu,Deputat,TDT,Hərbi təlim,Todaypress.tv,

photo